Azərbaycanda təkrar parlament seçkiləri (2006)
Azərbaycanda təkrar parlament seçkiləri (2006) — 2006-cı ilin may ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri.
== Zəmin ==
2005-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası 23 noyabr 2005-ci il tarixli iclasında yekun nəticələri açıqlamış və 4 seçki dairəsində seçki nəticələrinin ləğv edildiyini elan etmişdir. Yekun protokol komissiya üzvlərinin 11-nin lehinə, 4-nün əleyhinə səsi olmaqla qəbul edilmişdir. Daha sonra komissiya yekun protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. Noyabr ayının 26-da keçirilmiş iclasda Mərkəzi Seçki Komissiyası tərəfindən seçki nəticələri ləğv olunmuş 9 saylı Binəqədi ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci və 110 saylı Zaqatala seçki dairələrinin komissiyaları buraxılmışdır.
1 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin iclası keçirilmiş və iclasda protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinənuyğun olmayan 6 seçki dairəsinin — 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa və 119 saylı Ağdam kənd seçki dairələrinin seçki nəticələri ləğv edilmişdir.
İlk dəfə tam majoritar üsulla keçirilən parlament seçkiləri olan 2005-ci il parlament seçkilərində nəticələri ləğv edilmiş 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə lider namizəd Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Azadlıq Blokunun vahid namizədi Əli Kərimli, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə lider namizəd Yeni Azərbaycan Partiyası üzvü Tofiq Hüseynli, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə lider namizəd Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Azadlıq Blokunun vahid namizədi Qulamhüseyn Əlibəyli, 103 saylı Gədəbəy seçki dairəsi üzrə lider namizəd bitərəf siyasətçi Fəxrəddin Qəmbərov, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə lider namizəd bitərəf siyasətçi İlqar Qılıcov, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə lider namizəd isə Yeni Azərbaycan Partiyası üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 dekabr 2005-ci il tarixində 9 saylı Binəqədi ikinci, 42 saylı Sumqayıt ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkilərinin 13 may 2006-cı il tarixinə təyin edilməsi ilə bağlı sərəncam imzalamışdır.
=== Partiyalardakı vəziyyət ===
Yeni Azərbaycan Partiyasının ilk sədri və qurucusu Heydər Əliyevin ölümündən sonra müvəqqəti olaraq partiya sədrinin birinci müavini, prezident İlham Əliyev sədr vəzifələrini icra etmişdir.